EKLEKTİKA ÜSLUBU
Eklektika termini müxtəlif üslub, forma və metodların birləşməsini bildirir. Bu üslubda interyer dizayn etmək çətin deyil, yalnız məkan sahibindən cəsarət tələb edir. Eklektik üslub memarlıqda, landşaft dizaynında, dizaynda və dəbdə illərdir mövcuddur. Eklektika üslubunu "Mədəniyyətlərin dialoqu" adlandırırlar. Bu üslub daha çox evə müxtəlif öıkələrdən hədiyyələr gətirənlərə daha uyğundur. Eklektika üslubu təkcə mənzillər üçün deyil, kafe, restoran, ofis, foyelər üçün də keçərlidir. Bu üslubda əsas xətlərin plastikliyi, parçaların çoxluğu, rahat mebel, heykəlciklər, səyahətdən gətirilmiş fiqurlardır. Eklektikaya ən uyğun üslub moderndir. Müxtəlif əntiq əşyalar, ağ-qara şəkillər, toxunma naxışlı divar kağızları, oyma naxışlı güzgülər, büllur şüşə və taxtadan çıraqlar, qızılı çərçıvələr, divar rəsmləri, şərq naxışları ilə bəzədilmiş toxuma əşyalar, xalçalar, yataq örtüyü, əl işi balışlar bu üslubda yer tutur. Rəng ahənginin təbii çalarlarda olması eklektika üslubunda çox əhəmiyyətlidir. Bu zaman rəng palitrası bir-birinə yaxın deyil, uygun və kontraslı olmasıdır. Adətən parlaq və pastel rənglərdən istifadə edilir. Döşəmə ağac teksturlu parket və laminant ola bilər. Xalçanın hansı üslubda olması əhəmiyyət daşımır. Divar kağızları qabarıq teksturalı, üzəri naxışlı və ya şəkilli ola bilər. Bu üslubda bir-birinə uyğun olmayan mebelləri qarışdıraraq yerləşdirmək olar. Ümumiyyətlə, eklektika üslubu dekorasiyalarda müxtəlif dövrləri, üslubları, fakturaları və materialları bir araya gətirən dizayn yanaşmasını ifadə edir.